Vaz 2106 dövrünün  ən populyar modeli

VAZ 2106 modeli VAZ zavodunda hazırlanmış sovet minik avtomobilidir. 1976-cı ildən 2006-cı ilədək seriya ilə buraxılıb. "06"-nın əsasını italyan modeli FIAT 124 Speciale-nin 1972-ci il nümunəsi təşkil edir. VAZ 2106 modeli VAZ avtomobillərinin istehsal edildiyi bütün dövrlər ərzində ən populyar modellərdən birinə çevrildi.

Yeni modelin ilk nüsxəsi konveyerdən 21 fevral 1976-cı ildə çıxdı. Mahiyyət etibarı ilə VAZ 2106 modeli VAZ 2103-ün daha güclü mühərrik quraşdırılmış və fərqli tərtibata malik lüks versiyası idi. Bu avtomobil 1970-ci illərin sonlarının ən prestijli modellərindən idi. Standart komplektasiya olduqca zəngin idi: buraya baş altlıqları ilə təchiz olunmuş yeni oturacaqlar və üzərində taxometr və saat olan cihazlar paneli daxil idi. Bu avtomobillər əla dinamikası və yaxşı yığım keyfiyyəti ilə tanınırdı. İlkin dövrlərin modelləri yaxşı səs izolyasiyası ilə seçilirdilər.

1970-ci illərin sonlarında VAZ zavodu VAZ 2106-nın daha zəif versiyalarını buraxmaqla model cərgəsini genişləndirdi. Bu avtomobillərə "21011" və "2103" modellərinin mühərrikləri quraşdırılırdı. Bu modifikasiyalarda "06"-ya xas olan dinamika itirilsə də, daxili bazarda VAZ 2106-nın qıtlığı ucbatından onlar kifayət qədər populyar idilər. 1982-ci ildə modelin ilk ciddi modernləşdirilməsi həyata keçirildi: onu 75 at gücünə malik yeni mühərriklə təchiz etməyə başladılar, salonun tərtibat elementlərində dəyişiklik edildi, arxa qanadlardan karafotlar götürüldü. 1990-cı ildən VAZ "lüks" modifikasiyanın buraxılışına başladı, ona "21065" indeksi verildi. Bu avtomobil təmassız yandırma sisteminə malik olması, yeni karbüratoru, fərqli əsas faraları və salonunun yeni üzlüyü ilə fərqlənirdi.

VAZ 2106 xaricə geniş şəkildə ixrac olundu. İxrac olunan modifikasiyaların əsas fərqli cəhəti, salonun tərtibatındakı kiçik dəyişikliklərdən əlavə, həm də dönmə işıqları və qabaritli faralarla inteqrasiya olunmuş qabaq bamperlərdə idi. 1970-ci illərin sonlarında məxsusi olaraq L.İ. Brejnev üçün hazırlanmış xüsusi modifikasiya da mövcud idi. Hazırlanmasında VAZ 2107-nin materiallarından istifadə edildiyinə görə ona "yeddinin yarısı" adını vermişdilər, həmin vaxt "07" hələ hazırlanma mərhələsində idi. Xüsusi modifikasiya yalnız bir nüsxədə buraxıldı.

1980-ci illərin sonlarında VAZ 2106 modeli VAZ zavodunun ən populyar və kütləvi modellərindən biri idi. SSRİ dağıldıqdan sonra modelin yığım keyfiyyəti və prestiji xeyli aşağı düşdü, amma bu, avtomobilin 2006-cı ilədək konveyerdə qala bilməsinə mane olmadı. İstehsalının son illərində bu modeli İjevskdəki zavodda yığırdılar. Modelin 2000-ci illərdə buraxılmış nüsxələrinə birbaşa yanacaqçiləmə sistemi ilə təchiz olunan modernləşdirilmiş 2106 mühərrikləri quraşdırılırdı. Sonuncu VAZ 2106 avtomobili İjevskdəki zavodun konveyerindən 2006-cı ilin yanvarında çıxdı.

Mühərrik:

İstehsal müddəti ərzində modelin müxtəlif gücə malik mühərriklər quraşdırılmış çoxlu modifikasiyaları işıq üzü gördü. Orijinal 2106 modifikasiyasına 1,6 litr həcmə və 80 at gücünə malik güc aqreqatı quraşdırırdılar. Həmin dövrdə o, SSRİ-də ən güclü sedanlardan biri idi. Onun 100 km/saat sürət yığmasına 16 saniyə sərf olunurdu. Modelin maksimal sürəti isə 150 km/saat təşkil edirdi. 1970-ci illərin sonlarında 21061 modifikasiyası işıq üzü gördü. Ona 74 at gücünə malik VAZ 2103 mühərriki quraşdırılırdı. Elə həmin dövrdə 21063 modifikasiyası da peyda oldu, ona 64 at gücünə malik VAZ 21011 mühərriki quraşdırılırdı. 1982-ci ildən VAZ 2106-ya 75 at gücünə malik olan modernləşdirilmiş orijinal mühərriklər quraşdırmağa başladılar. 

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon