Texniki baxışdan keçmə qaydaları

      Azərbaycan Respublikası  ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mühərrikinin  həcmi 50 kub/sm və

daha çox, maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə,

onların qoşqularına (yarımqoşqularına) ildə bir dəfə  nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış

keçirilir:

 

Texniki baxış müddəti:

  Əgər avtomobil yeni avtomobildirsə, 4 ilin tamamında 5-ci ilində texniki baxışdan keçir. Məsələn: 2015-cü il istehsalı olan avtomobil 2020-ci ildə texniki baxışdan keçməlidir. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər isə 2 ildən bir texniki baxışdan keçməlidirlər. Məsələn: 2015-ci ilin avtomobili 2020-ci ildə texniki baxışdan keçəndən sonra, növbəti texniki baxış müddəti 2022-ci il olacaqdır (2015-----2020--2022--2024--2026-2027-2028-2029 və s.). Və nəhayət istehsal ilindən 10 il keçmiş avtomobillər hər il texniki baxışdan keçməlidirlər. Bir çox sürücülər avtomobili aldığı ildən texniki baxış müddəti hesablayırlar. Bu səhvdir. Qanuna əsasən avtomobilin istehsal ili əsasdır.

   

Texniki baxışdan harada keçirlər : 

Əgər siz Bakı şəhərində yaşayırsınızsa, o zaman Zabrat-Maştağa yolunda yerləşən texniki baxış məntəqəsinə yollanmalısınız.

İş vaxtı: Hər gün  09:00 -dan 18:00-a qədər. Fasilə 13:00-dən 14:00-a qədər. 

Əgər siz Bakı qeydiyatındasınızsa, amma halhazırda məsələn Şəkidəsiniz, o zaman texniki baxışı Şəkidə keçə bilərsiniz. Məsələn: Şəki qeydiyyatındasınız amma bu dəqiqə Bakıdasınızsa, yenə Bakıda texniki baxışdan keçə bilərsiniz. Həmçinin yemək fasiləsi zamanı boksu bağlayıb yeməyə gedə bilməzlər. Texniki baxış fasiləsiz həyata keçirilməlidir.

​Texniki baxış üçün texniki tələblər hansılardır : 

Qanuna əsasən avtomobil YHQ-un 1 saylı əlavəsində nəzərdə tutulmuş texniki tələblərə cavab verməlidir.

1. Dəm qazı (Avro 2)

2. Şinlərin protektoru (1.6 mm)

3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa,brızqoviklər

4. Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS 122-2004 standartına uyğunluq)

5  İşıqların saz vəziyyətdə olması . (İşıqları öncədən servisdə yoxlatdırıb rəsmi kağız alın. Birdən sizə texniki baxış

    zamanı "işıqlarınız nasazdır" desələr həmin kağız lazım olacaq)

6. Təhlükəsizlik kəməri

7. İşlək əyləc sistemi

8. Yağ və ya yanacaq sızması olmasın.

Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantasının olması mütləqdir. Tibb çantasının tərkibi yoxlanılır. 

Qanuna əsasən texniki baxış üçün dövlət rüsumu 20 manatdır. Yol vergisi ləğv edilib. Keçən il keçmədiyin texniki baxışın rüsumunu sizdən istəyə bilməzlər. Çünki həmin il xidmət göstərilməyib. 20 manatı bank, kassa,pos-terminal və online ödəmək mümkündür.

 

 Texniki baxışın aparılması praseduru :

  • Texniki baxış məntəqəsinə gəldikdən sonra 15 boksdan birində dayanın. Bokslardan biri yük avtomobilləri üçündür.

  • Avtomobilinizdə videoregistrator varsa,onu söndürməyi istəyəcəklər. Səbəb olaraq  xüsusi əhəmiyyətli obyekt olduğunu deyə bilərlər. Cavab olaraq: xüsusi əhəmiyyətli obyekt olsa idi, mülki şəxslər buraxılmazdı deyin. Lakin yenə gözlərinin qarşısında söndürün, daha sonra yenə yandırarsınız. 

  • İlk olaraq texniki passport və avtomobilin məlumatları yoxlanılır. İcbari sığorta, rəng, şassı, ban nömrəsi, tibb çantası, yanğınsöndürən, qəza-durma nişanı və onların sazlığı yoxlanılır. Avtomobilin banındakı cızıq, üzlük, astar və s-nin olması nasazlıq sayılmır.

  • Dəm qazının yoxlanılması. Ölçmə işi aparmazdan öncə mühərriki işə salın. Mühərrik sönüklü vəziyyətdə cihazı səsboğucusuna daxil edərlərsə və siz mühərriki işə salarsınızsa, nəticələr pis ola bilər, mühərrik işlək vəziyyətdə olmalıdır. Qaz vermək tələb olunsa, etiraz edin. Yoxlanış sabit vəziyyətdə aparılmalıdır. Texniki baxış müddəti zamanı mühərriki söndürməyin. 2010-2012 1 iyul tarixinə qədər olan avtomobillər AVRO 2, 1 iyul 2012-dən sonra gələn avtomobillər isə AVRO 3 standartına uyğun olaraq yoxlanılır. Həmçinin dəm qazının yoxlanılması Rusiya Federasiyasında qəbul edilmiş və bizdə də keçərli olan GOST-a uyğun aparılmalıdır.

  • İşıqların yoxlanılması. Sizin avtomobilin işığı yoxlanılan zaman, yoxlama cihazı çirklidirsə, onu təmizlətdirin. Digər yoxlanışa keçənə qədər nəticəni öyrənin. Çünki avtomobilinidə işıq nizamlayıcısı varsa, ola bilər onun vəziyyəti səhv rejimdədir. Onu düzəldib yenidən yoxlatdırın. Cihaz dəqiq nizamda olmalıdır. Güzgü üzrə kalibrəetmə hər işıq üçün ayrıca olmalıdır. Ortaya qoyub bir dəfəyə etmək düzgün deyil. Nizamlayıcının hərəkətlərinə diqqət edin. Bir faranı edib, digərini yoxlamasalar cihaz bunu nasazlıq kimi qeyd edəcək. Cihazın proqram təminatı sonradan müdəxilə imkanı verir. Ona görə hər şey Ok olsa belə, ekranın şəklini çəkin. Siz uzaqlaşandan sonra birdən ola bilər nəticəni dəyişərlər. Cihazın arxasında xüsusi halqa vasitəsi ilə hər avtomobilə uyğun ayarlamalar var. Ona görə bu ayarlara diqqət edin. Avtobusun işıqlarını sizin avtomobildə yoxlamasınlar.  Həmçinin cihazda işıqların yerdən hündürlüyü məsafəsini də qeyd etmək lazımdır. Bu dediklərimiz olmasa, o zaman cihaz işıqların nasaz olması haqqında məlumat verəcək.

  • Amartizasiya və əyləclər. Qanunvericiliyə əsasən amartizasiyaların nasazlığı istismarı qadağan etmir və texniki baxışda bu tələb edilə bilməz. Daha çox sürücülər məhz əyləc yoxlanılmasından "2" alırlar. Avtomobilin əyləc sistemi YHQ 1 saylı əlavəsinə uyğun olmalıdır. Saatda 40 km sürətdə minik avtomobilinin əyləc yolu 12.2 m olmalıdır. Əl əyləci 23 dərəcə bucaq altında avtomobilin hərkətsizliyini təmin etməlidir. Texniki baxışdan uğurla keçmək üçün düz istiqamətdə stendə doğru hərəkət etmək lazımdır. Sükanı fırlatmayın və hər zaman düz saxlayın. Sizdən əl əyləcini dartmağı xahiş etdikdə birdən dartmayın. Ehmalca edin, Birdən dartdığınız təqdirdə avtomobilin arxası sürüşəcək və siz texniki baxışdan keçməyəcəksiniz. Ümumiyyətlə bu yoxlanış zamanı təkərlərin balansı düzgün omalıdır. Təkərdəki hava təzyiqini düzgün nizamlayın.

 

Əgər avtomobildə texniki nasazlıq varsa, bu iki nüsxəli aktla rəsmiləşdirilməli və nasazlıqlar bu akta əlavə etməlidir. Sadəcə "get, maşının xarabdır" deməklə geri göndərmək hüququları yoxdur. Əlavə olaraq bu texniki nasazlığın aradan qaldırılması ilə bağlı servisdən rəsmi arayışınız olarsa, avtomobil yenidən yoxlanışa salına bilməz. Bu zaman avtomobil texniki olaraq saz hesab edilir.

Аzərbаycаn Respublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 154.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50 mаnаt miqdаrındа, vəzifəli şəхslər 100 mаnаt miqdаrındа, hüquqi şəхslər 300 mаnаt miqdаrındа cərimə edilirlər. Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur.

Email:  rashad.valiyev.s@gmail.com                               Mob: 055-725-05-15                                     Biz sosial şəbəkələrdə

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • YouTube Social  Icon